Məktəb buraxılışları
Sorğu
Siz sayta əsasən nə üçün daxil olursunuz ?

Məlumat almaq üçün
Şəkillərə baxmaq üçün
Bu kəndlə əlaqəm olduğu üçün

 


Bütün sorğular
Ümumi məlumat

Ümumi məlumat

            

Vedibasar mahalı* (Vedi və Qarabağlar rayonları) Qərbi Azərbaycanın (indiki Ermənistanın) tarixinə görə ən qədim, coğrafi- siyası mövqeyinə görə ən stateji, təbiətinə görə ən zəngin bölgələrindən biridir. İndiki Ermənistan Respublikası ərazisində, Ermənistan, Azərbaycan, Türkiyə və İranın bu günkü dövlət sərhədinin kəsişdiyi yerdə, Araz çayının şərq sahilində, Ağrıdağ vadisinin (Ararat düzənliyinin) Böyük ağrı və Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz hissəsində yerləşir. Bir tərəfdən Ağrı dağlarının ətəyindən axan Araz çayı ilə Göyçə və Dərələyəz mahallı, digər tərəfdən isə Şərur mahalı ilə Gərnibasar mahalı arasında barlı-bərəkətli, aranlı-dağlı böyük bir ərazini əhatə edir.

Ərazisi 1399,25 kv. km, rayon mərkəzi İrəvan şəhərindən 49 kilometrlik məsafədə yerləşən şəhər tipli Böyük Vedi (1946-cı ildən – Vedi) qəsəbəsi idi.

1988-ci ilin məlumatına görə rayonda 1 rayon tabeli şəhər (Dəvəli), 1 şəhər tipli qəsəbə (Böyük Vedi), 13 kənd soveti, cəmi 32 yaşayış məntəqəsi olmuşdur.     

 

 

 

  

Vedibasarın iqtisadiyyatı, təsərrüfatı və məişət həyatı

 

Buranın meşə, dağ və dərələri palıd, şam, ardıc, ağcaqayın, ceviz, alma, armud, alça,, iydə, qələmə, söyüd, yemişan, dağdağan, dəmirağac, qaraçalı, badam, saqqız ağacı, qarnıyarıq, zirinc, həmərsin, gərməşov, qoxanağac, uluğay və s. ağac və kollarla örtülüdür.

Yamac, çaylaq və biçənəklərdə çoxlu  solmaz çiçəyi, üzərrik,, bənövşə, inci gülü, nərgiz, lalə, sarıçoçək, kəkotu, nanə, dovşan kələmi, əvəlik, ələyəz, quşəppəyi, acı biyan, şirin biyan, təkəsaqqalı, qazayağı, baldırğan, manda, çaşır, çiriş, salmanca, bozoğlan, mırçalıq, mərəçöyüz, gülxətmi, hovotu, xırpkəsən, xəmirkəsən, acıqıcı, yarğan otu, üçyarpaq, yarpız, qımı, toppuz, dəvədabanı, yemlik, şomu, bağayarpağı, pərpiyan, qanqal, quzuqulağı, gicitkan, dəmirtikan, sarıtikan, qatırquyruğu və s. ot və çiçəklər bitir. Adından da göründüyü kimi, bu otların əksəriyyəti yeyilən və müalicəvi əhəmiyyətli bitkilərdir.

Onlardan bəzilərinin xüsusi özəllikləri:

Solmaz çiçəyi ( ona solmaz gülü də deyirdilər) çox kiçik kollar şəklində torpaqdan qalxar, xırda dairəvi sarı çiçəkləri olardı. Çiçəkləri tam açılıb pardaxlanmamış onları yığıb dəstə bağlayaraq, evə gətirib evdə asardılar. Bu dəstələr tam yeddi il öz təravətini itirməzdi. Elə bil indicə dərmisən.

Sarıçiçəyi toplayıb, yaylaqda pendirə qatardılar. Dələməni süzəyə töküb, suyu bir qədər çəkiləndən sonra süzəyin ağzını burub, üstünə yastı daş qoyardılar. Yastı pendir başı əmələ gələrdi. Buna baş pendir deyərdilər. Kəsəndə içindən sarıçiçək çıxardı, yeməkdən doymaq olmazdı.

Əvəliyi, ələyəzi yaylaqda yığar, qız sağı kimi hörər, asıb qurudardılar. Qışda onları doğrayıb xörəyə tökəndə dadı damaqdan getməzdi. Xüsusilə aş xörəklərində onlardan geniş istifadə olunardı. Hər ailənin qış üçün öz əvəlik, ələyəz ehtiyatı olardı.

Manda, çaşır, çiriş duza qoyular, turşu kimi ləzzətlə yeyilərdi.

Baldırğan, toppuz yaylaqda uşaqların ən sevimli bitkiləri idi. Xüsusilə baldırğan bulağın gözündə, suyun duru yerində bitərdi. Elə ki, su bulandı – o yerdə baldırğan bitməzdi.

Kəkotu çayının xoş ətri adama ləzzət verərdi.

Çobankirkidiqarnıyarıq toplamaq da uşaqların sevimli məşğuliyyəti idi. Çobankirkidi qırraşlıq yerlərdə bitirdi, özəyi ağıntıl və tüklü, yarpaqları kirpikə oxşayırdı. Onu yığıb duza qoyardılar və bir həftəyə turşuyardış yeyəndə adamın ağzını büzüşdürür, tamı gözəl və ləzzətli olurdu. Onu pendirlə də yeyir, ədviyyə kimi də istifadə edirdilər.

Qarnıyarıq da qırraşlıq yerlərdə bitir, tağı yerlə sürünür, yarpaqları pişik qulağı kimi sivri olurdu. Meyvələri, adətən avqustun sonlarında iriləşir, sentyabrın axırlarında yetişir, yetişəndə qarnı yarılırdı. Qarnıyarıq adını buradan almışdı. Qarnının içi qırmızı, tumları əncir tumlarına oxşar olan bu meyvələr başağrısına kömək edirdi.

Şirin biyanın zoğları yeyilir, qarınağrıasına kömək edirdi. Acı biyanın kökünü eşələyib torpaqdan çıxarır, kökündəki yumrucuqları qoparır, ilıq suda bir gün saxlayır, sonra çeynəyirdilər. İki-üç saata acısı gedən bu saqqız növünə qanatma, bəzi kəndlərdə qənətmə deyilirdi. Bu ad təzə çeynənən zaman tərkibindəki acı mayenin xəstə damaqları qanatdığına görə ona verilmişdi. Saqqızın acılığı qartaranda qanama da keçib gedirdi.

Yazda göbələk yığanda çoxlu mərəçöyüz də tapardıq. Çeçələ barmaq nazikliyində uzanıb dik qalxan bu çuçuq bitkiləri göbələklə birlikdə ya odda ütüb, ya da tavada qızardıb yeyərdik.

Yayılıb yerə yapışan quşəppəyi, yemliyi, qazayağını və s. uşaq vaxtı duzlayıb yeməkdən doymazdıq.

 

 

Üzümçülük

 

Üzümdən həm yemək, həm də qurutmaq üçün istifadə olunub. Üzümü həm olduğu kimi, həm də qurudulmuş şəkildə qışa saxlayardılar. Üzüm yığılan zaman adətən iydə, söyüd və s. ağacından bir metrlik barmaq yoğunluğunda budağı kəsər, kiçik şüvləri yarım qarış boyu buraxıb arıtlayar və üzüm salxımlarını asma adlanan həmin çubuğa dolayardılar. Sonra bu asmalar nə çoxquru, nə də rütubət olmayan damlarda (son vaxtlar evlərin bağlı çardaqlarında) tavandan, dirəklərdən asılar və qışa saxlanardı. Qışda gətirilib süfrəyə qoyulan üzüm təzəcə dərilmiş üzümdən çox az fərqlənərdi.

Qışa saxlamaq üçün ən sərfəli növ haçabaş, qurutmaq üçün isə   sarı kişmişi üzümü idi.

Vedibasarda üzümçülüyün inkişafı ilə bağlı bir cəhətidə qeyd etmək istərdik. Burada qışda havalar çox soyuq keçdiyindən üzüm tənəkləri (Vedidə təyəng deyilir) payızın sonlarında torpağın altına basdırırlar, birdə yazda torpağın altından çıxarılardı.

Vedibasarda geniş yayılmış üzüm növləri:

Ağagörməz. Ən tez yetişən növ –Keçmişdə ağanın xəbəri olunca koldan oğurlanıb yeyildiyi üçün bu adı almışdır. Çəhrayı, yumru, sulu gilələri, seyrək salxımları vardı.

Xəlili. Xəlil şəxs adından idi. Ağagörməz bir vaxtda – iyulun əvvəlində yetişirdi. Gilələri ağ, qırmızı, yumru, narın dənəli, nazik dərili, sulu olur, salxımları tez qırılırdı. Az əkilirdi.    

Dizmarrı. Iki növü vardı: sarı və qara. Xəlilidən sonra yetişir, şirin və sulu olurdu.     

Xərci (yəni balaca0. Üç növü vardı:

-Top xərci. Şərab üçün daha sərfəli idi. Geniş yayılmışdı. Gilələri kiçik, yumru, sulu, ağ-yaşımtıl olurdu. Salxımda gilələri çox sıx olduğundan “top” adı almışdı. Məhsuldar növ idi.

-Ət xərci. Sarı, yumru, iri dənəli olurdu. Salxımları balaca olsa da, kolda onların sayı60-65-ə çatırdı.

-İrinci(çox kiçik0 xərci. Ağ, xırda giləli, nazik dərili, və toxumsuz növ. Salxımlıarı uzun, gilələri seyrək olur, əsasən qurudulurdu.

Əsgəri. Əsgər şəxs adından idi. Gilələri nazik dərili, sulu olurdu. Kəmşirin dadı, nisbətənseyrək salxımları vardı. Avqustun əvvəlində yetişir, yeyilir və qurudulurdu.

Kişmişi. Üç növü vardı:

-Sarı kişmişi. Ağ, yumru, tumsuz, bərk, qalın qabıqlı, çox şirin olurdu. Yemək və qurutmaq üçün əvəzsiz idi.

-Qırmızı kişmişi. Qırmızı, çox şirin, tumsuz olurdu. Yemək və qurutmaq üçün idi. Tələbat həmişə böyük olub.

Çərdəkli kişmiş. Gilələrinin kiçikliyinə görə kişmişinin bu növünə “Nar dənəsi” də adlandırırdılar. Kiçik toxumları vardı.

Haçabaş. Yumru, ağ, iri, qalın qabıqlı, şirin, sulu, seyrək salxımlı olurdu. Kolu böyük və məhsuladr idi Əsasən asılıb qışa saxlanırdı.

Misqalı və ya ağ üzüm. Üç növü vardı:

-Adi misqalı. Yumru, ağ, sulu, nazik qabıqlı, şirin olurdu. Yemək və qışa saxlamaq üçün daha sərfəli idi.

-Erkək misqalı. Adi misqalıya nisbətən qalın qabıqlı, sıx salxımlı, yaşılımtıl gilələri olurdu. Daha çox yeyilirdi.

-Əlvan misqalı. Misqalı adlansa da, onlara oxşamırdı. Qırmızı-sarımtıl rəngdə, misqalıdan böyük və qalın qabıqlı, şirin və dadlı olurdu. Salxımları iri və uzun idi, iyulun ortalarında yetişirdi.

Tülkü quyruğu. Yaşılımtıl, sulu, kəmşirin, nazik dərili, seyrək salxımlı olurdu. Şərabçılıq üçün daha sərfəli idi.

Şahabı. Haçabaşdan iri və uzun, ağ və qırmızı, sulu, çox nazik qabıqlı, narın tumlu idi. Salxımıları uzun və uzun, kolu kiçik olurdu.

Ambarı( yəni anbarlıq). Qırmızı, yumru, kəmşirin, qalın qabıqlı, iri tumlu idi. Kolları çox yer tutduğu üçün sərfəli deyildi. Ancaq yeməyə yarayır, avqustun əvvəllərində yetişirdi.

Təbrizi (Təbərzi də deyilirdi). Ağ, çox şirin, sulu, nazik dərili, narın tumlu, böyük və seyrək salxımlı olurdu. 20-30 iyul arası yetişir, daha çox qışa saxlanırdı.

Şirşirə (ikiqat şirə). Haçabaşdan xırda, şirin, ağ-sarı gilələri, kolda çoxlu iri salxımları olurdu.

Keçi məməsi. Çox dadlı, şirin, ağ, uzun, ortası nisbətən sıxılı, ipək baramasına oxşar gilələri, uzun salxımları olurdu.

Kərimqəndi. Şirin, ağızda qəndtək xırçıldayan, yumru, narın tumlu gilələri, sıx gilələri olurdu.

Danagözü. Sulu, kəmşirin, qırmızı, iri tumlu, qalın qabıqlı olurdu. Şərabçılıq üçün daha sərfəli idi.

Kaxet. Qara üçüm də deyilirdi. Qara, yumru, kəmşirin, qalın qabılqlı, tumlu idi. Salxımları kiçik olur və hər kolda 20-25 ədədə çatırdı. Kolları balaca və məhsulu şərabçılıq üçün daha sərfəli idi.

Molla üçümü. Ağ, yumru, qalın qabıqlı, iri tumlu, sulu gilələri, üzüm salxımları olur.

Milax. İki növü olurdu: ağ və qırmızı. Kişmiidən iri, sulu, şirin, nazik dərili olur, 15 iyulda yetişirdi.

Hüseyni. Yumru, ağ, qalın qabıqlı, iri tumlu, şirin giləli, sıx iri salxımlı olurdu. Məhsuldar növ və yemək üçün daha sərfəli idi.

 

Vedibasar mahalında meyvəçilik geniş yayılan məhsul olmaqla yanaşı, həm də qurudularaq (buna qax deyərdik) qışa saxlanan azuqə idi. Geniş yayılan meyvə növləri arasında almanın özünə məxsus yeri vardış Yerli alma növləri ilə yanaşı, son zamanlar məhsuldar şafran, belflor, smerenko, Amerika alması növləri də gətirilib həyətlərdə çoxaldılmışdı.

 

 

 

Vedibasarda becərilən əsas yerli alma növləri:

 

Cənnət alması. Erkən – iyunun axırlarında yetişir, yaxşı ətri, nazik qabığı, şirin dadı olurdu.

Girdəşirin. Yay alması idi, ağ-sarımtıl, balaca, şirin və nazik qabıqlı olurdu.

Hacı Hüseynəli. İyulun sonu – avqustun əvvəllərində yetişirdi. Sarı-qırmızı rəngi, nazik qabığı, şirin dadı olurdu. Cənnət almasından azca balaca idi.

Vahab. Qırmızı rəngli, uzunsov, kəmşirin, qalın qabıqlıidi. Avqustun əvvəlində yetişirdi.

Uzunsap. Ağ rəngli, uzunsov, kəmşirin, qalın qabıqlı idi. Avqustun əvvəlində yetişirdi.

Kərbəlayi Cəfər. Payız alması idi. Sentyabrın sonunda yetişirdi. Bir üzü qırmızı, meyxoş, bərk idi. Geniş yayılmışdı.

Xosrovşahı. Qırmızı-sarı, şirin, dadlı, həm yemək, həm də qurutmaq üçün idi. İyunun sonu – iyulun əvvəllərində yetiçşirdi.

Kəpək alma 

 

 

 

Ərik növləri

 

Badamı ərik. Üç növü olurdu: ağ, sarı, qırmızı. Ən yaxşısı ağ növ idi. Toyuq yumurtasından azac kiçik, şirin və dalı olurdu. Şirəli, qalın qabıqlı, şirin tumlu idi.

Sarı növü azca böyük, amma nə çox şirin, nə çox dadlı, nə çox sulu idi. Dah açox qurudulurdu.

Badamı əriyin üçüncü növü şalağ adlanır. Toyuq yumurtasından böyük, sulu idi. Bir tərəfi qırmızı, digər tərəfi sarımtıl olurdu. İyunun 2-cən yetişirdi. Geniş yayılmışdı və məıhsuldar idi. Hündür, qollu-budaqlı ağacları olur. Yemək və kompot üçün çox yararlı idi.

Növrəst, yəni tez yetişən. Ən erkən, gilasla birgə yetişən növ idi. Ağ, yumru, sulu idi. O qədər də şirin olmurdu.

Ağca nabat. Ağ, dəyirmi, çox şirin, şirəli,dadlı olurdu. Geniş yayılmışdı. Yeyilir və qurudulurdu. Qurusu plov üçün əvəzsiz idi. İyunun əvvəllərində yetişirdi.

Göycə-nabat. Gülümsov (yaşılımtıl), çox şirin, dadlı, şirəli nazik qabıqlı olurdu. Ağca-nabata nisbətən az yayılan idi.

Xosrovşahı. Yemək və qurutmaq əla növ idi. Lakin ağca-nabat və göycə- nabatdan geri qalırdı. Dəyirmi, qırmızı-sarı, şirin,dadlı olur, iyunun sonu – iyulun əvvəllərində yetişirdi.

Təbərzi. Yarı sarı-yarı qırmızı olurdu. Yemək üçün, geniş yayılan və məhsuldar növ idi.

Ağ ərik. İri, şirəli, az yayılan və kəmşirin növ idi. İyunun əvvəllərində yetişirdi.

Ordubad əriyi. Cevizdən azca böyük sarı, şirin, şirəli nazik qabıqlı idi. Daha çox qurudulur.

Xərci ərik. Xırda, sarı rəgdə olurdu. Çox şirin deyildi. Sulu olur  və dağ kəndlərində çox əkilirdi. İyunun ortaları yetişir, əsasən qurudulur və yeyilir.

Acı ərik. Cevizdən böyük, sarı, acıtəhər, acı tumlu, şirəsiz, dadsız olurdu. Dağ kəndlərində daha çox yayılmışdı.

Arı ərik. Xırda, yumru olurdu. Çox şirin deyildi. Çox yeyilmirdi və çox yayılan deyildi. Amma çox məhsuldar olurdu.                                                                                                   

 

 

 

Şaftalı(şəftəli) növləri

 

Vedibasarda əhali tərəfindən çoxlu şaftalı becərilir, tumlar və peyvənd yolu ilə çoxaldılırdı. Martın sonları-aprelin əvvəllərində bütün kəndlər şaftalı ağaclarının çəhrayı çiçəklərinə bürünürdü. Külək bu çiçəklərin ləçəklərini yağış seli kimi kənd boyu yayırdı.

Zəfəran və ya narıncı. Gəmirmə də deyirdilər.. Müxtəlif böyüklükdə və formada, sarı-qırmızı rəngdə olurdu. Tumdan ayrılmır. Yemək və kompot üçün əvəzsizdir. Məhsuldar və geniş yayılan idi. İyulun axırlarında yetişirdi.

Yarma(bəzən qapaq da deyirdilər). Üz bölünür, üzləri asanlıqla tumdan ayrılırdı. Sarı-qırmızı rəngdə olurdu. Məhsuldar və geniş yayılan idi. İyulun axırlarında yetişirdi.

Gülü. Erkən yetişən növ idi. Meyvəsi sulu və ağ rəngli olurdu. Ağacları soyuğa qarşı çox həssas olduğundan, nə qədər çox əkilsə də, az yayılan idi. İyunun axırı, iyulun əvvəlində yetişirdi.

Payız şaftalısı. Payızda yetişdiyi üçün bu ad verilmişdi. Lap soyuqlar düşənədək ağacda qalırdı. Çox yayılan çox yeyilən idi. 

 

 

 

Armud növləri

 

Malaça. Erkən yetişir, sarı, uzun, lampavari, şirin, sulu, nazik-zərif qabıqlı olurdu. Çox əkilən, çox yayılan və yeyilən məhsuldar növ idi.

Bildirçin budu. Kiçik, uzunsov, nazik qabıqlı, yaşımtıl, kəmşirin, ətirsiz, dadsız, yayda yetişən, az yayılan növ idi.

Yay armudu. Xırda, sarı, dadlı, yumşaq, yayda yetişən, və şox yeyilən növ. Hər həyətdə uşaqların yeməyi üçün bir-iki ağacdan çox olmazdı.

Qış armudu. Buna payız armudu və ya daş armud da deyilirdi. Orta böyuüklükdə, payızda yığılanda göy, bərk, saxlanıb qışda yetişəndə sarı, yumuşaq, sulu və çox yeməli olurdu. Çox məhsuldar və çox yayılan idi. Çox hündür, iri ağacları olurdu.

Üzüm kimi, onu da söyü şivələrindən düzəldilən xüsusi çubuqlara düzəldirlər. Öncə armudların saplaqlarından nazik ip vasitəsi ilə bir- birinə bağlanardı. Sonra bu uzun düzüm çubuğa dolanar və 4- 5 kiloluq çubuq- salxım – asma yaranardı. Həmin asmalar xüsusi yan damarlarında və ya evlərin çardaxlarında göydən asılardı.

Gülabı armud. Meyvəsinin hər biri az qala yarım kilo gələn bu armudun çox xoş və güçlü ətri olardı.

 

 

 

 

                                                          Alça növləri

 

Sarı alça. Xırda, yumru, sulu, şirin, çox məhsuldar və çox yayılan, çox yeyilən növ idi.

Sultan alçası. Sarı, iri, ətirli, sulu, mürəbbə və qurutmaq üçün əvəzsiz, çox yayılan məhsuldar növ idi.

Qırmızı alça. Yumru, ceviz boyda, turşa- şirin, çox yayılan və məhsuldar idi.

Xərci. Balaca, xırda tumlu, qırmızımtıl- sarı rəngli, turşa- şirin idi. Yemək və qurutmaq üçün sərfəli, çox yayılan və məhsuldar idi.